Qətərin «Al Sharq» qəzetində Bakıda keçirilmiş II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekunlarına dair geniş məqalə dərc olunmuşdur

 

Qətərin ərəbdilli əsas mətbu orqanı olan gündəlik "Al Sharq" qəzetinin müxbiri Ezzelden Abdo Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə mayın 30-dan iyunun 1-dək Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmişdir. Bu mühüm tədbir haqqında xəbərlərə müntəzəm yer ayıran qəzetdə forumun yekunlarına dair geniş məqalə dərc olunmuşdur.

Səfirlikdən AzərTAc-a verilən məlumata görə, qətərli jurnalist öz məqaləsində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanın təşəbbüsü olduğunu və BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO, Avropa Şurası, İSESKO tərəfindən dəstəkləndiyini nəzərə çatdırmışdır. Forumun əhəmiyyətindən söz açan jurnalist tədbirdə beynəlxalq qurumların rəhbərlərinin, bir sıra ölkələrin hazırkı və keçmiş prezidentlərinin, dünyanın 100-dən çox ölkəsindən nazirlərin, ekspertlərin, alimlərin, mədəniyyətlərarası dialoq sahəsində fəaliyyət göstərən elmi mərkəzlərin yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyini bildirmişdir.

Müəllif bu gün Azərbaycanın vacib strateji mövqeyi və iqtisadi inkişaf sahəsində regionun əsas oyunçularından birinə çevrildiyini vurğulayır. Oxuculara ölkəmizin qısa müddət ərzində əldə etdiyi iqtisadi uğurlar, enerji strategiyası, qlobal neft və qaz layihələri, ixrac boru kəmərləri haqqında məlumat verməklə yanaşı, Azərbaycanın dünyanın bir çox ölkələrinə böyük həcmdə investisiya qoyduğunu xüsusi qeyd etmişdir. Məqalədə eyni zamanda Azərbaycanın kənd təsərrüfatı, turizm, mədəniyyət və digər sahələrin sürətlə inkişaf etdiyi də öz əksini tapmışdır.

"Al-Sharq" qəzetinin müxbiri Ermənistanın yürütdüyü işğalçılıq siyasətindən bəhs edərək diqqəti Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində apardığı genişmiqyaslı siyasətə yönəltmiş, cənab Prezidentin forumun açılış mərasimindəki nitqindən Azərbaycanın bununla bağlı mövqeyini əks etdirən sitat gətirmişdir.

Məqalədə Bakının Şərq ilə Qərb arasında coğrafi körpü olduğunu qeyd edən müəllif Azərbaycanın, həmçinin mədəniyyətlərarası körpü roluna da yiyələndiyini və bu gün dünyaya bir tolerantlıq nümunəsi göstərdiyini təqdirəlayiq hal kimi dəyərləndirmişdir.

Ezzelden Abdo məqaləsində Prezident İlham Əliyevin islam dəyərlərinin inkişafındakı xidmətlərindən də söz açmış, Azərbaycanda inşa edilmiş yüzlərlə məscidin, dini təhsil ocaqlarının buna əyani sübut olduğunu vurğulamışdır.

 

Azərbaycan.-2013.- 11 iyun.- S.6.